2022-ci il 9-10 sentyabr tarixində Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti (AzRAC) ilə Türkiyə Anestezioloji və Reanimasyon Dərnəyinin (TARD) birgə təşkilatçılığı, Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi ilə “Hilton” oteldə “Türkiyə-Azərbaycan Anesteziologiya və Reanimasiya, Ağrı workshop günləri” adlı konfrans keçirilib. Konfransın başlanğıcında şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.
İradə Səlimova və Büllur Dağçının aparıcılığı ilə konfrans öz işinə davam edib.
AzRAC sədri, professor İsfəndiyar İsmayılov giriş nitqi ilə çıxış etmişdir. Professor konfransın Azərbaycan təbabəti üçün əhəmiyyətini qeyd edərək, tədbirin keçirilməsində dəstəyə görə Səhiyyə Nazirliyinə, TƏBİB-ə, həmçinin TARD rəhbəri, professor Meral Kanbaka dərin təşəkkürünü bildirib .
TARD-ın rəhbəri, professor Meral Kanbak, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Səhiyyə nazirinin müavini, dosent Nadir Zeynalov, “Yeni klinika”nın baş həkimi Cavid Paşayev, TİKA-nın koordinatoru Fatih Yılmaz, TƏBİB-in şöbə müdiri Kəmalə Ağayeva, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, professor Rəşad Mahmudov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli və başqaları öz çıxışlarında tibbin anesteziologiya və reanimasiya sahəsindəki yeniliklərindən, problemlərindən, eləcə də konfransın əhəmiyyətindən bəhs ediblər.
Konfransda Aərbaycanın bütün bölgələrindən anestezioloqlar və reanimatoloqlar iştirak ediblər. İştirakçılara Sertifikatlar təqdim olunub.
“Referans Pharmaceuticals” MMC konfransın baş sponsoru kimi tədbirdə iştirak edib.
